Thursday, January 21, 2016

Neftinin qiyməti düşmüş ərəbə çevrilməmək üçün...



Ödəniş etmək üçün abunəsi olduğum kabel televiziyasının şöbəsinə getmişdim. İçəri daxil olan kimi məni mühafizə polisi qarşıladı, soruşdu ki, nə məsələdi? İstədim deyim ki, çörək yeməyə gəlmişəm (əksər banklarda bu hal vardı son illərə qədər, polis qarşılayırdı səni), amma dedim ödəniş eləyəcəm. Nəysə, mənə yer göstərdi ki, “oturun gözləyin”. Elə bu vaxt bir müştəri başladı məlumat bölməsində oturan xanımla mübahisə eləməyə. Müştərinin arqumenti bu idi ki, şirkət sentyabr ayında qiymətləri 1 manat artırıb, amma bu haqda abonentə məlumat verməyib. Müştəri 1 manatın 1 əhəmiyyət kəsb etmədiyini amma bunun ona qarşı hörmətsizlik olduğunu deyirdi. Hətta anladığım qədərilə xidmətdən istifadəni da dayandırmaq istəyirdi. Düzdü belə olan halda insanın ilk fikrinə gələn odur ki, “Güya ölkədə hər bir qurum (polis, market sahibi, dayanacaqda pul yığan dayı və s.) sənə hörmət edir, bircə bu kabel televiziyasından başqa”. Amma yanaşma bu olmamalıdır məncə. Əlqərəz, kabel televiziyasının nümayəndələri də and-aman edirdi ki, bəs ekranın aşağısında məlumatverici titr veriblər. Müştəri isə israr edirdi ki, bu məlumatlandırma vasitəsi sayıla bilməz, heç olmasa ona zəng edərdilər.
Mübahisənin nə ilə nəticələndiyini bilmirəm amma məncə ölkədə, xüsusilə də biznes sahəsində (dövlət qurumlarını heç demirəm),ciddi şəkildə hüquqi, həmçinin xidmət problemi var. Bəlkə də şirkət haqlıdır hüquqi baxımdan amma müştərinin məmnuniyyəti daha önəmlidir. Əks halda neftinin qiyməti düşmüş ərəbə dönəcəyik…

Tuesday, January 12, 2016

Böhran həm də fürsətlər deməkdi, AMMA...



Bu gün korporativ müştərilərimizdən birinin rəhbəri ilə danışırdım telefonda. Ümumi hal-ehvaldan sonra iqtisadi proseslərdən söz düşəndə müsahibim qayitdı ki, “Əslində krizis həm də fürsətdir. Kimin bacarığı var qalıb işləyəcək.” Telefonda mən də onu təsdiq etdim, amma əslində burada bir əmma var.
Bəli, böhran həm də fürsətlər deməkdi, amma bunun üçün normal bazar iqtisadiyyatı formalaşmalıdır və bazar qanunları çərçivəsində hərəkət edilməlidir.
Bəli, böhranda kim ağıllı və çevikdirsə məhz o da böhrandan daha güclənərək çıxacaqdır, amma təbii ki, iqtisadiyyat böhrandan çıxa bilsə. Güclənib çıxmaq üçün gərək bir “EXİT” işığını görəsən.
Təbii ki, hazırkı vəziyyətdə şikyət etmək ən son iş olmalıdır amma hər hansı tərəfdən ciddi bir hərəkətlənmə görünmür. Böhrandan çıxış üçün əvvəlcə vəziyyət qiymətləndirilməli və sonra şəraitə görə müvafiq tədbirlər düşünülməlidir.
Hazırlıqlı şəkildə gözləyək görək...

Thursday, January 7, 2016

Megastore heyrətləndirir...




Təxminən 2-3 gün əvvəl gec olduğu üçün alış-verişi 24 saat fəaliyyət göstərən Megastrore şəbəkəsindən etməli oldum. Alış-veriş öz yerində amma xidmətə heyran qaldım. İçəridə gəzişən satış məsləhətçiləri çox mehriban və yardımsevər davranırdılar. Kimə yaxınlaşırdın “Xoş gəlmisiniz” sözləri ilə qarşılayırdı. İçəri işıqlı və təmiz idi. “Check-out”-dan sonra işçinin alınan məhsulları daşımaq təklif etməsi isə son akkordu vurdu. 
Megastore “Walmart” olma yolunda ilk addımını atıb kimi gəldi mənə. Əslində bazarın çətin vəziyyətində  xidmətin qaldırılması daha yaxşı taktikadır. Qalır bunu axıra qədər eləmək.  Yəni ingilislər demiş “consistency”. Bəlkə də əslində belə olmalıdı, sadəcə indi biz öyrəşməmişik buna.

Tuesday, January 5, 2016

Devalvasiya yaxşı şeydi...




Son vaxtlar telekanallarda müxtəlif ekspertlər devalvasiyanın yaxşı tərəflərindən ağızdolusu danışırlar. Deyirlər ixracı stimullaşdıracaq, iqtisadiyyata yeni nəfəs gətirəcək və s. Hə nə deyirik ki?  Deyirsizsə deməli belə də olacaq. Baxarıq. Amma məncə də devalvasiyanın xalqımıza xeyri olacaq. Məsələn:

·         370 manat maaş alıb 950 manatlıq iPhone işlədən   qardaş və bacılar azalacaq

·         Aylıq gəliri 1000-1500 manatı keçməyən ev təsərrüfatı oğlunun toyuna 8000-lik manıs dəvət eləməyəcək.

·         Toylarda biri-birinə dəyməyən 17 növ “xalodnı”, 6 növ “qaryaçi” olmayacaq.

·         Cəriməsi 50 manatdı da deyib yolda inzibati xəta törətməyəcəklər və s.

Yəni sözümün canı odur ki, qənaətin əsl zənginlik olduğunu öyrənəcəyik. Düzdür buna zəmanət verə bilmirəm, çünki qanla gələn canla çıxar. Amma baxaq da. Belə də ki, bu məslələri birinci özümə deyirəm ki, siz də eşidəsiniz.

Monday, January 4, 2016

Məğrurluq nəyə gətirib çıxarır...



Jim Collins’in “How The Mighty Fall” (təx. Güclü necə yıxıla bilər) kitabında şirkətlərin çökmə prosesinin təxminən 5 mərhələdən ibarət olduğu qeyd edilir. Bunlardan ilk 3-ü: Uğurdan yaranan “Hubris” (həddən artıq özündən razılıq, məğrurluq), Nizam-intizamsız (qanunauyğun olmayan) şəkildə daha çoxa doğru meyllənmə və Təhlükələrin inkarıdır. Belə baxanda bu həm də dövlətlər üçün də deyilə bilər. Konkret olaraq Azərbaycan iqtisadiyyatının vəziyyətini hazırda bu mərhələlər üzrə təsvir etmək olar. Kitabı oxuyanda tamamən ölkə iqtisadiyyatını və idarəetməsini gözləriniz önündə canlandırırsız. Necə deyərlər məğrurluq, mövcüd təhlükəni inkar etmək və s. hamısını ən son dövrlərə qədər müşahidə edirdik. Hətta hələ də bəzən də müşahidə edirik. Bura qədər hər nəysə, amma qalan növbəti 2 mərhələ o qədər də ürəkaçan deyil. Həmin mərhələləri özünüz kitabdan oxuyub görə bilərsiniz. Ümid edirik ki, hökumətimiz son 2 mərhələnin baş verməsinə imkan verməyəcək.