Thursday, February 4, 2016

Böhrandan çıxmağın mesajı....




Ölkə iqtisadiyyatında  qəbul etsək də etməsək də ciddi bir azalmanın baş verdiyini deyə bilərik. Səbəbi sadədir: neft ucuzlaşıb. Neftin qiymətinə təsir edə biləcək resurs potensialımız yoxdu və olması da gözlənilmir. Təsir edə biləcəyimiz yeganə faktor iqtisadiyyatın digər sahələrinin stimullaşdırılması həmçinin neftdən kənar ixracı artıra (hətta formalaşdıra) bilməsək də idxalı mümkün qədər azaltmaqdır. Təbii ki, inzibati yox mümkün qədər iqtisadi və hüquqi qanunlar çərçivəsində. Bir sözlə ölkə iqtisadiyyatında ciddi islahat (çox siyasi səslənsə də), yəni dəyişiklik aparmaqdır. Dəyişiklik aparmaq üçün müəyyən idarəetmə qaydaları var. Qərb biznes və siyasi ədəbiyyatında “change management” (çeync mənəcment) adlanan bu zadın ən əsas qaydalarından biri də dəyişiklik haqda həmin sistemin üzvlərinə aydın və birməqsədli mesajın (clarity) verilməsidir. Məqsədim burada mühazirə oxumaq deyil, onu demək istəyirəm ki, hazırda islahat adı ilə nəsə olunur amma tamamən əlaqəsiz mesajlar verilir cəmiyyətə. Təklif edirəm ki, (güya mənə qulaq asan var) islahatların məqsədi və istiqaməti haqqında heç olmasa aydın təsəvvür yaradılsın. Bunu orta statistik vətəndaşa etməyə bilərsiz (hansı ki, bu daha əsasdır), amma heç olmasa biznes qurumlarının başında dayanan şəxslər və cəmiyyətdə söz sahibi olan şəxslər, o cümlədən ekspertlər bunu bilməlidirlər.  

Thursday, January 21, 2016

Neftinin qiyməti düşmüş ərəbə çevrilməmək üçün...



Ödəniş etmək üçün abunəsi olduğum kabel televiziyasının şöbəsinə getmişdim. İçəri daxil olan kimi məni mühafizə polisi qarşıladı, soruşdu ki, nə məsələdi? İstədim deyim ki, çörək yeməyə gəlmişəm (əksər banklarda bu hal vardı son illərə qədər, polis qarşılayırdı səni), amma dedim ödəniş eləyəcəm. Nəysə, mənə yer göstərdi ki, “oturun gözləyin”. Elə bu vaxt bir müştəri başladı məlumat bölməsində oturan xanımla mübahisə eləməyə. Müştərinin arqumenti bu idi ki, şirkət sentyabr ayında qiymətləri 1 manat artırıb, amma bu haqda abonentə məlumat verməyib. Müştəri 1 manatın 1 əhəmiyyət kəsb etmədiyini amma bunun ona qarşı hörmətsizlik olduğunu deyirdi. Hətta anladığım qədərilə xidmətdən istifadəni da dayandırmaq istəyirdi. Düzdü belə olan halda insanın ilk fikrinə gələn odur ki, “Güya ölkədə hər bir qurum (polis, market sahibi, dayanacaqda pul yığan dayı və s.) sənə hörmət edir, bircə bu kabel televiziyasından başqa”. Amma yanaşma bu olmamalıdır məncə. Əlqərəz, kabel televiziyasının nümayəndələri də and-aman edirdi ki, bəs ekranın aşağısında məlumatverici titr veriblər. Müştəri isə israr edirdi ki, bu məlumatlandırma vasitəsi sayıla bilməz, heç olmasa ona zəng edərdilər.
Mübahisənin nə ilə nəticələndiyini bilmirəm amma məncə ölkədə, xüsusilə də biznes sahəsində (dövlət qurumlarını heç demirəm),ciddi şəkildə hüquqi, həmçinin xidmət problemi var. Bəlkə də şirkət haqlıdır hüquqi baxımdan amma müştərinin məmnuniyyəti daha önəmlidir. Əks halda neftinin qiyməti düşmüş ərəbə dönəcəyik…

Tuesday, January 12, 2016

Böhran həm də fürsətlər deməkdi, AMMA...



Bu gün korporativ müştərilərimizdən birinin rəhbəri ilə danışırdım telefonda. Ümumi hal-ehvaldan sonra iqtisadi proseslərdən söz düşəndə müsahibim qayitdı ki, “Əslində krizis həm də fürsətdir. Kimin bacarığı var qalıb işləyəcək.” Telefonda mən də onu təsdiq etdim, amma əslində burada bir əmma var.
Bəli, böhran həm də fürsətlər deməkdi, amma bunun üçün normal bazar iqtisadiyyatı formalaşmalıdır və bazar qanunları çərçivəsində hərəkət edilməlidir.
Bəli, böhranda kim ağıllı və çevikdirsə məhz o da böhrandan daha güclənərək çıxacaqdır, amma təbii ki, iqtisadiyyat böhrandan çıxa bilsə. Güclənib çıxmaq üçün gərək bir “EXİT” işığını görəsən.
Təbii ki, hazırkı vəziyyətdə şikyət etmək ən son iş olmalıdır amma hər hansı tərəfdən ciddi bir hərəkətlənmə görünmür. Böhrandan çıxış üçün əvvəlcə vəziyyət qiymətləndirilməli və sonra şəraitə görə müvafiq tədbirlər düşünülməlidir.
Hazırlıqlı şəkildə gözləyək görək...

Thursday, January 7, 2016

Megastore heyrətləndirir...




Təxminən 2-3 gün əvvəl gec olduğu üçün alış-verişi 24 saat fəaliyyət göstərən Megastrore şəbəkəsindən etməli oldum. Alış-veriş öz yerində amma xidmətə heyran qaldım. İçəridə gəzişən satış məsləhətçiləri çox mehriban və yardımsevər davranırdılar. Kimə yaxınlaşırdın “Xoş gəlmisiniz” sözləri ilə qarşılayırdı. İçəri işıqlı və təmiz idi. “Check-out”-dan sonra işçinin alınan məhsulları daşımaq təklif etməsi isə son akkordu vurdu. 
Megastore “Walmart” olma yolunda ilk addımını atıb kimi gəldi mənə. Əslində bazarın çətin vəziyyətində  xidmətin qaldırılması daha yaxşı taktikadır. Qalır bunu axıra qədər eləmək.  Yəni ingilislər demiş “consistency”. Bəlkə də əslində belə olmalıdı, sadəcə indi biz öyrəşməmişik buna.

Tuesday, January 5, 2016

Devalvasiya yaxşı şeydi...




Son vaxtlar telekanallarda müxtəlif ekspertlər devalvasiyanın yaxşı tərəflərindən ağızdolusu danışırlar. Deyirlər ixracı stimullaşdıracaq, iqtisadiyyata yeni nəfəs gətirəcək və s. Hə nə deyirik ki?  Deyirsizsə deməli belə də olacaq. Baxarıq. Amma məncə də devalvasiyanın xalqımıza xeyri olacaq. Məsələn:

·         370 manat maaş alıb 950 manatlıq iPhone işlədən   qardaş və bacılar azalacaq

·         Aylıq gəliri 1000-1500 manatı keçməyən ev təsərrüfatı oğlunun toyuna 8000-lik manıs dəvət eləməyəcək.

·         Toylarda biri-birinə dəyməyən 17 növ “xalodnı”, 6 növ “qaryaçi” olmayacaq.

·         Cəriməsi 50 manatdı da deyib yolda inzibati xəta törətməyəcəklər və s.

Yəni sözümün canı odur ki, qənaətin əsl zənginlik olduğunu öyrənəcəyik. Düzdür buna zəmanət verə bilmirəm, çünki qanla gələn canla çıxar. Amma baxaq da. Belə də ki, bu məslələri birinci özümə deyirəm ki, siz də eşidəsiniz.