Bu dəfə sizə Harvard Universitetinin professorları, David J.
Collis və Michael G.Rukstad tərəfindən qələmə alınmış "Deyə bilərsinizmi sizin
strategiyanız nədir?" (Can You Say
What Your Strategy Is?) məqaləsindən söz
açacağam. Müəlliflər hazırda əksər şirkətlərdə ən aşağı mərtəbədən tutmuş ən
yüksək vəzifə tutan şəxslərə qədər hər kəsin şirkətin strategiyası haqqında
yekdil fikir sahibi olmadığını iddia edir. Bu cür hallar bəzən təyin edilən
strategiyanın düzgün və dəqiq icra edilməməsindən, əksər hallarda isə əslində
şirkətin aydın strategiyasının olmamasından irəli gəlir.
Şirkətlər öz strategiyalarını aydın, sadə və
ətraflı şəkildə bəyan etməlidirlər. Bu imkan verəcək ki, şirkətin bütün
bölmələrində işləyən şəxslər həyata keçirdikləri hətta ən xırda layihələrin
ümumi təyin olunan strategiyaya hansı şəkildə töhfə verdiyini aşkar şəkildə
qavraya bilsinlər. Əks halda şirkətin aşağı mərtəbələrindən gələn təkliflər
"yuxarı" tərəfindən qəbul edilməyəcək və beləliklə şirkət daxilində yaranan qeyri
müəyyənlik işçlərin motivasiyasına mənfi təsir edəcəkdir.
Məqalədə şirkət startegiyasının əsas üç
elementindən: məqsəd, miqyas və üstünlükdən söz açılır.
Məqsəd (Objective)
Strateji məqsəd spesifik, ölçüləbilən olmalı və
vaxt çərçivəsini özündə ehtiva etməlidir. Yəni, strateji məqsəd biznesin hansı
vaxt çərçivəsində nələrə nail olmaq istədiyini aşkar şəkildə ortaya qoymalı,
həmçinin sonda bu məqsədə nail olunub-olunmadığını müəyyənləşdirmək üçün
ölçüləbilən nəticələri aydın şəkildə göstərməlidir. Məsələn, Amerika Birləşmiş
Ştatlarında fəaliyyət göstərən Edvard Cons (Edward Jones) broker şirkətinin
strateji bəyanına nəzər yetirək:
"...hər filialda bir maliyyə
məsləhətçisi olan ümumölkə broker şəbəkəsi vasitəsilə maliyyə qərarlarını
məsləhətçilərə həvalə edən mühafizəkar fərdi investorlara birə-bir güvənli və
rahat maliyyə məsləhəti göstərməklə 2012-ci lə qədər 17000 maliyyə
məsləhətçisinə malik şirkət olmaq..."
Yuxarıda göründüyü kimi məqsəd dəqiq və
ölçüləbiləndir (7000 maliyyə məsləhətçisinə malik şirkət olmaq) və vaxtı çərçivəsini (2012-ci lə qədər)
əhatə edir. Hazırda ölkəmizdə əksər şirkətlərin konkret strateji bəyanları
olmasa da, bu cür strateji məqsədlər ortaya qoymaq istəyən şirkətlərdə də
məqsədlərin qeyri müəyyənliyi nəzərə çarpır. Missiya və ya Dəyərlər kimi daha
yuxarıda duran ümumi xarakterli
komponentləri strategiya ilə qarışdırmaq və ya strategiyada tamamən qeyri
müəyyən ifadələr işlətmək çox rast gəlinən hallardandır.
Miqyas (Scope)
Starteji miqyas şirkətin fəaliyyət sərhədlərini
müəyyən edir. Əslində strateji miqyas biznesin hansı fəaliyyətlərlə məşğul
olacağından daha çox hansı fəaliyyətlərlə məşğul olmayacağını təyin edir.
Ümumilikdə strateji miqyasin əsas 3 komponenti mövcuddur: müştəri və ya məhsul
təklifi, coğrafi yerləşmə və şaquli inteqrasiya. Müştəri seçimi birbaşa
seqmentləşdirmə ilə bağlıdır və biznesin təqdim etdiyi dəyəri özündə
birləşdirir. Məsələn, əvvəl misal veridyimiz Edvard Cons şirkəti öz
müştərilərini aydın şəkildə təyin edir: "..mühafizəkar investisiya
fəlsəfəsinə malik və ciddi maliyyə qərarlarını inanılmış məsləhətçinin köməyi
olmadan qəbul etməyən uzunmüddətli investorlar...". Bu cür dəqiq
strateji miqyasın nəticəsidir ki, Edvard Cons broker şirkəti internet üzərindən
treydinq həyata keçirmir. Lakin onu da qeyd etməliyik ki, strateji miqyas
verilən sərhədlər və çərçivələr daxilində fəaliyyətləri əvvəldən
məhdudlaşdırmır, sadəcə olaraq nələrdən kənara çıxılmamalı olduğunu göstərir.
Həmin sərhədlər daxilində fəaliyyət sərbəst şəkildə şirkətin işçilərinin
təşəbbüsünə təqdim olunur. Digər tərəfdən şirkətdə strategiyaya uyğun gəlməyən
layihələrin əvvəldən qarşısı kəsilir və əlavə resurs itkisi minimallaşdırılır.
Üstünlük (Advantage)
Strateji bəyanın ən mühüm komponentlərindən biri
üstünlükdür, çünki rəqabətqabiliyyətli üstünlük strategiyanın əsas
elementlərindən biridir. Əgər işçilər şirkəti digər şirkətlərdən daha üstün
edən xüsusiyət və ya faktorları aydın şəkildə bilsələr, o zaman strategiyanın
uğurlu icra edilməsi üçün nələrin tələb olunduğunu və hansı fəaliyyətlərin icra
prosesinə yardım edəcəyini başa düşəcəklər. Üstünlük komponenti iki hissədən
ibarətdir: müştəriyə təqdim olunan dəyər və bu dəyərin realizə olunmasını
mümkün edən unikal faəliyyətlər və ya kompleks fəaliyyətlər toplusu. Burada ikinci hissə biznesin həyata keçirdiyi
fəaliyyətlər arasında uyğunluğun qurulmasını və ya biznesin bazara çıxarmaq
istədiyi dəyərin formalaşdırılması üçün bir-biri ilə uyğunluq təşkil edən fəaliyyətlərin
seçilməsini nəzərdə tutur. Misal olaraq,
Edvard Cons broker şirkətinin müştəriyə təqdim etdiyi dəyər rahat və güvənli,
birə-bir məsləhət xidmətinin təmin olunmasıdır.
Bununla bağlı olaraq şirkət hər bir filialda sadəcə bir maliyyə
məsləhətçisi işə götürür və nəticədə rəqiblərinə nisbətən daha çox filial (ölkə
üzrə 10000) şəbəkəsinə malikdir. Rahat, güvənli və münasib xidmət təqdim etmək
üçün şirkət öz filiallarını şəhərin mərkəzi küçələrindəki yüksəkmərtəbəli
biznes mərkəzlərində deyil şəhəratrafı ərazilərdə yerləşən ticarət mərkəzləri
kimi rahat məntəqələrdə qurur. Əgər bu sahədə çalışan digər rəqiblərə nəzər
yetirsək onların da təqdim etdiyi özünəməxsus dəyərləri və bu dəyərləri realizə
etmək üçün qurulmuş kompleks fəaliyyət planlarını görə bilərik.
Strateji bəyanın hazırlanması
Strateji bəyanın hazırlanması istiqamətində ilkin
mərhələ bazarın strukturunun araşdırılmasıdır. Bunun üçün müştərilərin
ehtiyaclarının araşdırılması, müştəri seqmentləşdirilməsinin həyata keçirilməsi
və seçilən seqment üçün dəyər yaradılması yollarının
müəyyənləşdirilməsidir. O cümlədən,
bazardakı rəqiblərin mövcud strategiyası da nəzərdən keçirilməli və onların
gələcək manevr imkanları qiymətləndirilməlidir. Yekunda biznesin öz daxili
imkanları, resursları obyektiv şəkildə qiymətləndirilməlidir.
Bütün bu qiymətləndirmələrdən
sonra əsas mərhələ - biznesin oz imkanlari ilə müştərinin ehtiyacları əsasında
uyğunluğun qurulması prosesi başlayır. Burada əsas məqam ondan ibarətdir ki,
müştəriyə təqdim olunan dəyər həmçinin rəqiblərin mövcud kənar amillər
kontekstində təklif edə bildiyi dəyərdən fərqlənsin. Bu proses qrafiki şəkildə
aşağıda göstərilmişdir.
Starteji bəyanın hazırlanması üçün daha ətraflı
məlumat almaq üçün məqalənin orijinalını oxumaq daha məqsədəuyğun olardı.
No comments:
Post a Comment