Saturday, December 18, 2010

Əhatəli Baxış (Bİg Picture) marketinq çərçivəsi

MBA (biznes üzrə magistr dərəcəsi) təhsili aldığım universitetdə keçdiyim dərslər və qazandığım bilik və təcrübələri sizinlə paylaşmaq qərarına gəlmişəm. Düşündüm ki, bunu etməklə biznes sahəsində fundamental biliklərin qismən yayılmasına nail ola bilsəm bunun özü də bir növ intellektual ünsiyyət olardı.

Birinci olaraq sizinlə keçdiyimiz marketinq dərsi ilə bağlı təəssüratlarımı bölüşmək istəyirəm. Miçiqan Universitetinin Ross Biznes Məktəbində MBA təhsilinin birinci ilində əsas kurrikulum (core curriculum) üzrə keçilən marketinq kursu özünəməxsusluğu ilə fərqlənir. Bu, marketinq kursunun tamamən fərqli marketinq kursu, daha dəqiq desək marketinq çərçivəsi üzərindən tədris olunması ilə bağlıdır. Bu çərçivə Əhatəli Baxış (“Bİg Picture framework”) adlanır.

Əhatəli Baxış çərçivəsinin müəllifi Kristi Nordhaylm (Christie L. Nordhielm) adlı xanım professordur. O, Çikaqo Universitetində MBA və doktorluq dərəcələri almış, bir müddət biznes dünyasının marketinq üzrə nüfuzlu Norsvestern (Nothwestern) Universitetində fəaliyyət göstərmiş və American Express, Jonhson & Johnson və s. kimi şirkətlərə məsləhətçilik etmişdir.

Əhatəli Baxış (ƏB) marketinq kursu klassik Kotler nəzəriyyəsini tamamən rədd etməsə də, onun bir çox çatışmayan tərəflərini ortaya qoyur və həmin çatışmamazlıqları nisbətən fərqli metodologiya əsasında aradan qaldırmağa çalışır. Bəzi oxuyuculara (xüsusilə Kotlerin qatı pərəstişkarlarına) bu fikirlər müəyyən qədər qəribə gələ bilər, hətta onlar bunun bir qədər gülünc olduğunu da düşünə bilərlər. Lakin inanıram ki, gələcək yazılarmızda bu çərçivənin komponentləri üzrə daha təfərrüatlı bilgi verildikcə onlar qismən də olsa fikir dəyişikliyinə uğrayacaqlar.

Əhatəli Baxışı digərlərindən fərqləndirən xüsusiyyətlər çox olsa da əsas faktor yanaşmada özünü biruzə verir. Bu çərçivə daha çox inteqrativ yanaşmanı üstün tutaraq məsələlərə sintetik prizmadan baxır. Belə ki, bir çox marketinq kitabları (müəllif özü birbaşa bunu ifadə etməsə də əsasən Kotleri hədəf aldığı məlumdur) şirkətlərin müxtəlif marketinq problemlərini müstəqil komponent kimi qəbul edərək onlara ayrılıqda analitik şəkildə yanaşırlar. Təklif olunan çərçivədə isə problemlər sistemin bir hissəsi olaraq inteqrativ şəkildə ələ alınır və vahid sistemin (şirkətin) digər komponentləri ilə qarşılıqlı əlaqələri göz önündə tutmaqla həyata keçirilən dəyişikliklərin digər komponentlər üzərindəki təsirləri nəzərə alınır. Daha sadə desək, şirkətin bir “orqanının” müalicəsinin digər orqanlara təsiri öyrənilir və ehtiyac yarandıqda bu təsirlər minimallaşdırılır və ya maksimallaşdırılır. Əhatəli Baxışın digər xüsusiyyətlərinə misal olaraq onun daha az nəzəri-intensiv olmasını, daha asan tətbiq oluna bilən olmasını və s. göstərmək olar.

Ümumilikdə, Əhatəli Baxış çərçivəsi aşağıda göstərilən struktur və komponentlərə malikdir.

Hər hansı marketinq strategiyasını hazırlamaq, təkmilləşdirmək və ya analiz etmək üçün müvafiq çərçivə üzrə Aydınlaşdırma, Prioritetləşdirmə və Təsvir mərhələlərini həyata keçirmək lazımdır.

Bir daha qeyd edirəm ki, Əhatəli Baxış sadəcə bir çərçivədir. Bu çərçivə klassik marketinq nəzəriyyəsinin nəzəri əsaslarını inkar etmir, əksinə həmin nəzəri konsepsiyalar arasında əlaqəni daha aydın təsəvvür etməyə yardım etməklə marketinq strategiyasını daha da effektiv hala gətirir.

Əhatəli Baxış çərçivəsinin hər bir komponentinə növbəti postlarımda daha təfərrüatlı nəzər yetirəcəyik.

P.S: Əhatəli Baxış ilə bağlı internetdən (http://www.bigpictureonline.com/) ətraflı məlumat ala bilərsiniz.

No comments:

Post a Comment