Thursday, December 30, 2010

2010-CU İL YADDAŞIMDA

2010-cu ili öz təcrübəm baxımından ümumi xətləri ilə təsvir etsəm, təxminən belə bir mənzərə alınar:

1. yatımda bütün iş gününü müntəzəm fəaliyyətlərə ayırmamalı olduğumu, əvəzində hər bir iş gününün müəyyən bir hissəsini fərdi inkişaf fəaliyyətinə həsr etməyin nə qədər əhəmiyyətli olduğunu, həyatda reaktiv deyil proaktiv olmağın önəmini və başımıza gələn hadisələrə deyil yalnız onlara verəcəyimiz reaksiyaya nəzarət edə biləcəyimizi öyrəndim. Bu prosesdə Stephen Covey-ə, onun “Yüksək dərəcədə effektiv insanların 7 xüsusiyyəti” kitabına böyük təşəkkür düşür.

2. İş yerində hər bir işçinin müxtəlif məqsədinin olduğunu öyrəndim və həm də öyrəndim ki, bu məqsədlər tamamilə fərqli hətta biri digərinin ziddi ola bilər. Bəzən işdə insanların bilik və bacarıqlarının deyil “raskrutkalarının” əhəmiyyətli olduğuna şahid oldum.

3. Öyrəndim ki, oyun bitmədən mübarizəni dayandırmamaq lazımdır və qalıb gəlmək üçün sadəcə “oynamaq”, yəni işləmək və mübarizə aparmaq lazımdır. Şikayət (Haqqınızı tələb etmək üçün məhkəməyə şikayət buraya aid deyil, bu özü mübarizədir) və mızıldanmaq heç bir zaman çarə deyil.

4. Duanın gücünə heyran qaldım, və öyrəndim ki, həyat bəzən insana çox xoş sürprizlər hazırlayır.

5. Qərar verməyin elə də asan olmadığını gördüm və hələ bu sənin həyatını tamamilə dəyişəcək bir qərardırsa.

6. İş yerində bir çox yaxşı insanların əhatəsində olduğumu gördüm.

7. Bəzən həyatda göz yaşlarının daha çox sözlər dediyini müşahidə elədim və öyrəndim ki, ayrılıq insanların sənə qarşı olan sevgisini görmək üçün vasitələrdən biridir.


8. Öyrəndim ki, sahib olduqlarının dəyərini bilmək üçün onlardan ayrı qalmaq kifayət edir və biz insanlar bəzən sahib olduqlarımızın dəyərini onları itirdiyimizdə yaxşı anlayırıq.

9. Dünyada çox fərqli mədəniyyətlərin mövcudluğunu və tolerantlığımın “redaktəyə” ehtiyacı olduğunu öyrəndim.

10. Azərbaycanda insanların yaxşı yaşaması üçün əldə olan resurslardan cəmi 20% daha effektiv istifadənin tamamilə kifayət edəcəyini anladım. Öyrəndim ki, xalqımızın yaxşı yaşaması üçün bütün resurslara malikik, sadəcə vicdanlı insanlardan, xüsusilə məmurlardan başqa.

11. Ölkəmizin savadlı, lakin eyni zamanda vicdanlı insanlara necə ehtiyac duyduğunu hiss elədim. Təhsilin ölkənin inkişafındakı rolunu gördüm, ali təhsil sisteminin işlək mexanizmlərini nəzərdən keçirdim.

12. Kommunikativ bacarıqların biznes həyatında nə qədər əhəmiyyətli olduğunu, biliyin hər zaman əsas faktor olmadığını və “universiteti qırmızı diplomla qurtarmağın” biznes həyatında müvəffəq olmaqla böyük qarşılıqlı asılılığa malik olmadığını öyrəndim. Həmçinin orta statistik azərbaycanlının kommunikativ cəhətdən çox zəif olduğunu və bunun əsas səbəbinin insanın yetişdiyi ailə mühitinin olduğunu öyrəndim. Orta statistik Azərbaycan ailəsində normal ünsiyyət bacarıqlarına malik insanın yetişə bilməməsinin səbəblərini araşdırdım.

13. Şəbəkələşmənin (Networking) əhəmiyyətini dərk elədim və şəbəkələşmək üçün vasitələri nəzərdən keçirdim.

14. Özümün necə peşəkar “ertələyici” olduğumu aşkara çıxardım və bunun əsasən mükəmməliyyətçi olmam ilə əlaqəli olduğu müşahidə elədim. Həyatda bəzən “yaxşının” “daha yaxşıdan” daha yaxşı olduğunu təcrübədə öyrəndim. Dərk elədim ki, hər zaman etdiyimiz iş ürəyimizcə alınmaya bilər, lakin biznes dünyasında bu səbəbdən işi dayandırmaq olmaz.

15. Sonrakı peçmançılığın heç vaxt fayda verməyəcəyini, bunun əksinə sizin cari fəaliyyətinizi “etkiləyəcəyini” başa düşdüm.

16. Orta statistik bir azərbaycanlının nə qədər tənbəl olduğuna şahidi oldum. Ümumilikdə Azərbaycanda çox tənbəl və passiv bir cəmiyyətdə və cəmiyyətə uyğun passiv həyat yaşadığımızı anladım.

17. MBA təhsilində verilən bütün imkanlardan istifadə etməyə vaxt çatmayacağını və bu səbəbdən effektiv həyatın ən mühüm prinsiplərindən biri olan “prioritetləşdirməni” öyrəndim. Başa düşdüm ki, “sabah” daha yaxşı və rahat olmayacaq, həmçinin “sabah” daha az məşğul olmayacağam.

18. Öyrəndim ki, kim olduğumuzu bilmək üçün “həftəlik kalendarımiza” baxmaq kifayətdir. İnsanın düşündüklərindən və etdiklərindən ibarət olduğunu praktik şəkildə başa düşdüm.

19. Səhvlərə və büdrəmələrə baxmayaraq davam etmək tələb olunduğunu və “Daşı deşən suyun qüvvəti deyil, dalğaların davamlılığıdır” kəlamının əhəmiyyətini anladım.

20. Azərbaycana xidmət etməyin, o cümlədən ölkədə əhəmiyyətli dəyişiklik yaratmağın birinci yolunun insan yetişdirmək olduğuna bir daha əmin oldum. Öyrəndim ki, ölkəni sevməyin prinsipi birdir, amma metodları çoxlu və fərqlidir.

21. Beynəlxalq mühitdə hər kəsə eyni dərəcədə güvənə bilməyəcəyimi, bütün müsahiblərin etibarlı olmadığını anladım.

22. Nəhayət, böyük və bahalı şəhərlərə daha ucuz səyahət etmək üçün həmin şəhərdə güvənib qapısını döyə biləcəyin dostların olmasınının kifayət etdiyini öyrəndim və bu imkanı mənə verdiyi üçün ALLAHA sonsuz şükür etdim!

Bütün bunlar 2010-cu ildə əldə etdiyim və öyrəndiklərimin qısa icmalıdır. Sadəcə olaraq keçən ilə nəzər salaraq sizinlə bölüşmək istədim.

Daha gözəl, faydalı və ürəyinizcə bir il keçirməniz diləyilə!

Yola davam İNŞALLAH!

No comments:

Post a Comment